170 gənclər təşkilatı bu ölkədə nə iş görür?
«Azad Gənclik» 170-də birdir, ya 10-da bir?
Azərbaycanda 170-dən çox gənclər təşkilatı fəaliyyət göstərir. Onların sayı çox olsa da, az tanınırlar. Maraqlıdır, ölkədə Gənclər Təşkilatının fəaliyyəti üçün hansı şərait var və bu təşkilatlar fəaliyyətlərini istədikləri kimi qura bilirlərmi? Yaxud da Azərbaycan kimi avtoritar bir ölkədə gənclər dəyişiklik uğrunda mübarizəyə qoşulmaq üçün kimdənsə icazə almağa ümid edirlərmi?
Müsahibimiz “Azad Gənclik” təşkilatının sədri Ülvi Həsənlidir:
- “Azad Gənclik” kimi iddialı bir adla siyasi həyata atılmış bir təşkilat olaraq, fərqli nələri təklif edirsiniz? Nədən, bu 170-dən biri olmaq sizi bu qədər həvəsləndirib?
- “Azad Gənclik” təşkilatı bu ilin yanvar ayında bir qrup gənc tərəfindən təsis olundu. Təşkilatın əsas məqsədi Azərbaycanda demokratikləşmə prosesində gənclərin iştirakına nail olmaqdır. Indiyə qədərki fəaliyyətimiz mühazirələr, film nümayişləri təşkil etmək, kitaba, qəzetə, ümumilikdə mütaliəyə marağın artırılması üçün fleş-moblar, müxtəlif gənclər qruplarıyla diskussiyalar keçirmək, videosorğular, roliklər hazırlamaq, müxtəlif ictimai-siyasi hadisələrlə bağlı keçirilən aksiyalarda iştirak etməkdən ibarət olub. Indi Gənc Siyasi Məhbusların Hüquqlarının Müdafiə Komitəsində
də fəaliyyət göstəririk. Əsas fəaliyyət istiqamətlərimizdən biri də həbsdə olan gənclərin azadlığa çıxması üçün görülən işlərdir. Təki, ortalıqda bir iş olsun: 170-dən deyil, 180-dən biri də olmağa hazırıq.
də fəaliyyət göstəririk. Əsas fəaliyyət istiqamətlərimizdən biri də həbsdə olan gənclərin azadlığa çıxması üçün görülən işlərdir. Təki, ortalıqda bir iş olsun: 170-dən deyil, 180-dən biri də olmağa hazırıq.
- Fəaliyyətinizin səmərəsinə inanırsınızmı? Cəmiyyətə təsir imkanlarınız varmı?
- Resurslarımız məhduddur. Amma gördüyümüz işlərin təsiri az deyil. Çox məhdud resurslarla, pulsuz, ofissiz iş görmək, üstəlik inzibati problemlərlə üzləşmək çox çətindir. Bu mənada gördüyümüz işlərin effektivliyindən nisbətən razıyıq. Ancaq ümumilikdə, məqsədlərimizi nəzərə aldıqda hələ ki, cəmiyyətə ciddi təsirimizin olduğunu düşünmürəm.
“Azərbaycan gəncliyinin fəallığı məni qane etmir”
- Bu 170 gənclər təşkilatı nədən ötrüdür? Bu, cəmiyyətdə bir fəallıq yaradırmı? Yaratmırsa, bunun günahkarı yoxdurmu?
- Azərbaycan gəncliyinin fəallığı məni qane etmir. Ölkədə gənclərin həyatına birbaşa təsir edəcək bu qədər problem ola-ola, çoxluq bu problemlərin həllində iştirak etmək istəmir. Təhsil, ev, iş problemləri gənclərin ən çox əziyyət çəkdiyi problemlərdir. Məsələn, yaxınlarda təhsil haqları əsaslandırılmadan qaldırıldı, ancaq ictimai-siyasi proseslərdə iştirak etməyən təbəqələrin heç birindən səs çıxmadı. Təbii ki, gənclərin özləri ilə bağlı baş verənlərə biganə qalmasının əsas səbəblərindən biri də ölkə rəhbərliyinin gənclər siyasətidir. 2005-ci ildən başlamış gənclər proqramının müstəqil gənclərə heç bir təsiri, aidiyyəti olmayıb.
“Ölkənin təhsil sistemi biabırçı gündədir”
- Ölkənin təhsil sistemi haqda nə düşünürsüz? Haradan başlayır? Ümumiyyətlə, başlayırmı?
- Ölkədə təhsil deyilən məfhumun “t” hərfindən belə danışmağa dəyməz. Ildən-ilə daha da pisləşir. Son illərdə ali məktəblərə sənəd verənlərin imtahan nəticələrinə baxın: 2009-cu ildə 60-61 faiz, sonuncu il isə 50-51 faiz abituriyent 200 baldan artıq nəticə əldə edə bilməyib. Hakimiyyət təhsilin qarşısında duran elementar problemləri belə, aradan qaldırmaq niyyətində deyil. Əksinə, təhsil haqlarını artırmaqla zəif təmin olunmuş ailələrin uşaqlarını təhsildən təcrid edir. Universitetlərdə təhsil almaq imkanı olanları isə rüşvətlə, köhnə dərslik və metodlarla, gerizəkalı kadrlarla məhv edir.
Xaricdə təhsil almaq istəyənlər çox olsa da, hökumət xaricdə təhsil üçün çox az yer ayırıb. Qazaxıstan xarici ölkələrə ildə 5000 tələbə göndərdiyi halda, Azərbaycan 2007-2015-ci illər arasında ümumilikdə 5000 tələbə planlaşdırıb. Qazaxıstanla bizim aramızda təxminən 5 dəfə fərq var. Xaricdə təhsil almaq istəyənlərin arasında seçimin şəffaf aparılmaması da başqa bir problemdir. Orta və ali təhsil müəssisələrində rüşvət əsas mexanizmə çevrilib. Bu da birbaşa təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Bütün bunlara baxmayaraq, Nazirlər Kabinetinin qərarı ilə təhsil haqları artırılır. Görmüşük ki, hansısa yaxşı xidmətin, işin qarşılığında onun qiyməti qaldırılar. Harda görünüb ki, pis xidmətin qiyməti yüksək olsun? Biabırçılıqdır! Onsuz da iflic vəziyyətində olan təhsil sistemini lap bərbad vəziyyətə salmaq istəyirlər.
“Virtual aləm gənclərin azad söz məkanıdır”
- Gənclərin fəallığı sosial şəbəkələrdə daha çox görünür. Bu virtual fəallıq sizə nə verir ki?
- Görünür, bu ondan irəli gəlir ki, gənclər özlərini real həyatda tapa bilmirlər. Real məkan çox məhduddur, burada ideyalar və təşəbbüslərə ya qiymət verilmir, ya da onlara görə insanları cəzalandırırlar. Buna görə də gənclər virtual məkanlarda özlərini realizə etməyə üstünlük verirlər. Orada söz azadlığı, azad müzakirə mühiti var. Amma bu şəbəkələr real planların icrası üçün də yararlıdır - ölkə miqyasında baş verən hadisələrin təşkili, tədbirlərin həyata keçirilməsi üçün. 2009-cu ildə Neft Akademiyasında baş vermiş terror aktı ilə əlaqədar aksiya, eləcə də gənclərin 11 mart aksiyaları və digər tədbirlərini misal göstərmək olar.
Sosial şəbəkələr ictimai-siyasi proseslərə yeni-yeni gənclər təqdim edir. Həmçinin virtual məkan ideyaların, fikirlərin, düşüncələrin yayılmasında müstəsna rol oynayır. Bir də Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda gənclərə çox yardım edir. Bu “Azərbaycan həqiqətləri” çemodanının (Əli Əkbər demişkən) içinə də ölkədəki ictimai-siyasi vəziyyət, həbslərlə bağlı məlumatlar, insan haqlarının kütləvi şəkildə pozulması, sosial vəziyyətin pis olması, məmur özbaşınalığı, saxta seçkilərin keçirilməsi, külli miqdarda büdcə vəsaitinin yeyilməsi həqiqətləri daxildir.
“Adam bilmir ki, bu vəziyyətə gülsün, yoxsa təəssüflənsin”
- Sizin təşkilat və ya başqa gənclər təşkilatları universitetlərlə necə işləyir? Bu işin səviyyəsi və tələbələrin təşkilatlanması sizi qane edirmi?
- Bizim təşkilatın demək olar ki, bütün üzvləri tələbələrdir. Tələbələrlə işləmək nisbətən asan olur. Universitetlərlə bizim və digər gənclər təşkilatlarının əlaqələri var. Ancaq hakimiyyətə yaxın olan təşkilatlar inzibati resurslar hesabına təhsil müəssisələrində əngəlsiz fəaliyyət göstərirlər və tələbələrə birbaşa, problemsiz çıxış əldə edirlər. Amma avtoritar təfəkkürlü universitet rəhbərlərinin fərqli düşüncəyə dözümsüzlüyü var. Ona görə də müstəqil və müxalifyönlü gənclər təşkilatlarına universitetlərdə fəaliyyət göstərməyə ciddi maneələr yaradılır. Ümumiyyətlə isə tələbə kontingenti ilə iş çox aşağı səviyyədədir. Əgər real nəticələr yoxdursa, deməli, hələ vəziyyət qənaətbəxş deyil.
- Siz daha çox kimləri fəal sayırsınız - partiyaların gənclər təşkilatlarını, yoxsa müstəqil gənclər təşkilatlarını?
- Bunların fəallıq dərəcəsi bir-birindən o qədər də fərqlənmir. Bu, ölkədəki ümumi ictimai-siyasi vəziyyətdən qaynaqlanır. Yəni, hakimiyyət fərq qoymur ki, bu ictimai təşkilatdır, yoxsa siyasi. Əgər hakimiyyətin dediyini demirsənsə, fərqli fikir söyləyirsənsə, onda təzyiqə məruz qalacaqsan. Təsəvvür edin, hansı səviyyədə ehtiyat edirlər, qorxurlar. Bu yaxınlarda “Fleşmob-Azərbaycan” təşkilatının üzvləri “Tarqovı”da boğazlarına şərf bağlayaraq gəzmək aksiyası təşkil etmişdilər. Polis boğazına şərf bağladığına görə 30-a yaxın gənci bölmələrə apardı. Adam bilmir, bu vəziyyətə gülsün, yoxsa təəssüflənsin.
“Azərbaycanda siyasi vəziyyət yoxdur”
- Azərbaycanda siyasi həyat varmı? Siz özünüzü olan və ya olmayan bu həyatın tərkib hissəsi sayırsınızmı?
- Burada qeyri-sabit siyasi vəziyyət var, demək olar. Hakimiyyət nümayəndələri tez-tez deyirlər ki, Azərbaycanda stabillikdir. Belə stabillik olmur. Sabitliyi təyin və təmin edən heç bir göstərici yoxdur: normal seçkilər keçirilmir, söz, ifadə, toplaşma azadlığı təmin olunmur,.. Qeyri-stabillik isə belə olur: vətəndaşlar zorla evlərindən çıxarılır, evləri uçurulur, polis bölmələrində döyülərək öldürülür, zorlanır, xarici jurnalistlər paytaxtın mərkəzində döyülür, gənclər oğurlanır, əsgərlər bir-birini güllələyir... bu, Azərbaycandır.
Hikmət Hacızadə bir dəfə yaxşı fikir səsləndirmişdi: “Azərbaycanda müxalifət yoxdur. Azərbaycanda dissident hərəkatı var”.
Indiki vəziyyətdə müxalifət funksionerləri özlərini dissident hesab edə bilərlər. Bu, əslində fəxrdir. Çünki normal mühitdə müxalifət olmaq asandır. Belə qeyri-stabil siyasi vəziyyətin hökm sürdüyü ölkədə isə müxalifətçi olmaq fədakarlıq tələb edir. Normal siyasi durum olan ölkədə müxalifətin qərargah, qəzet, jurnal, TV, radio, pasport problemləri olmur. Təsəvvür edin, Türkiyədəki son parlament seçkilərində ana müxalifət partiyası 81 mitinq, hakim partiya isə 71 mitinq keçirib. Normal siyasi durum, ən azı belə olmalıdır.
“Azərbaycanın demokratikləşməsi qaçılmazdır”
- Son zamanlar xeyli sayda gənc həbsə atılıb. Səncə, bu, nədəndir? Bu gənclər hakimiyyət üçün nə dərəcədə təhlükəli idilər?
- Son 6 ay ərzində Azərbaycanda 8 gənc ictimai-siyasi fəaliyyətinə görə həbs edilib. Bu gənclərdən Cabbar Savalanlının, Bəxtiyar Hacıyevin məhkəmələri qurtarıb. Gənclərə müvafiq olaraq, 2 il yarım və 2 il iş verilib. Məhkəmə prosesləri də sübut etdi ki, onlar saxta ittihamlarla həbs edilib. Indi 2 aprel mitinqilə bağlı həbs edilən gənclərin istintaqı gedir. Ancaq hər kəs bilir ki, bu həbslərin hamısı siyasi motivlidir.
Siyasətə yeni nəsil gəlir. Gənclər ictimai-siyasi proseslərdə öndə gedirlər. Buna görə də hakimiyyət narahatdır. Gənclərin artan aktivliyinin qarşısını almaq üçün həbslərə, təzyiqlərə, hədə-qorxulara əl atırlar. Azad fikirli, müstəqil, fərqli düşüncəli gənclər bütün avtoritar rejimlər üçün təhlükədir. Azadlıq hərəkatlarında avanqard gənclər həmişə olub və olacaq. Hakimiyyət də bunu çox yaxşı başa düşür. Ona görə də mümkün qədər vaxt qazanmaq, prosesi ləngitmək üçün gəncləri həbsə atır, təzyiq göstərirlər. Amma Azərbaycan demokratikləşəcək, bu, qaçılmazdır. Insanların azadlıq istəyi heç vaxt ölmür. Hələ üstəlik, sosial vəziyyətin dəhşətli dərəcədə pis olması, dəyişikliklərin baş verməsini tezləşdirir.
Ayəndə Mürsəliyeva, AZADLIQ QƏZETİ
No comments:
Post a Comment