Saturday 29 October 2011

Heç jurnalist şərləyən deputat görmüşdüz? || VIDEO

Əvəz Zeynallı və Gülər Əhmədova

Bu gün YAPpilər "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallını həbs etdilər. Sentyabrın 20-dən gündəlik çıxmağa başlayan qəzet təxminən bir ay davamlı çıxa bildi. Xural qəzeti ölkə mətbuatında birbaşa İlham Əliyevi tənqid edən iki qəzetdən biri idi. Bu da bu hakimiyyətin dözümlülük səviyyəsi. Artıq pul bu hakimiyyəti o qədər harınladıb ki, müdafiə olunmaqlarına da ehtiyac görmürlər. Hələki... 

Bir ay davamlı çıxandan sonra əvvəl qəzetin əmlakını müsadirə etdilər, sonra da baş redaktorunu həbs etdilər. Əvəz Zeynallıdan əvvəl Eynulla Fətullayev həbs edilmişdi. Artıq həbslər insanları qorxutmur. Əvəz Zeynallının son yazısını oxuyanda bunu bir daha gördüm. Yazının başlığında hətta bu görsənir: Azərbaycan sənə qalib gələcək, İlham Əliyev!

Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa iddia edən gözəlçə məmurları, deputatları insan haqlarından, demokratiyadan danışırlar. Budur sizin demokratiya. Bir qəzetin tənqidinə kralınız dözmədi. Ölkənin ən çox satılan, oxunan 3-4 qəzetindən birinin fəaliyyətini dayandırıldı, baş redaktorunu həbs etdirildi. Bu əsl feodal təfəkkürün məhsuludur. Bu hakimiyyət nə qədər yerli, beynəlxalq musiqi festivalları təşkil etsə də, Rastrapoviçi, Jerar Depardyeni ölkəyə gətirsə də, yanlarında rəssam dəstəsi, ədəbiyyatçı qoşunu gəzdirsə də yenə də feodaldılar, monarxdılar, saray əyyanlarıdılar! Bu damğanı da bu təfəkkürlə heç vaxt üstlərindən ata bilməyəcəklər. Kim də feodalların yanında olacaq, onlar da qınaqlardan, tənqidlərdən kənarda qalmayacaq. 

Gülər Əhmədova bir ay bundan əvvəl yekə-yekə Britaniyada həbs olunan gəncləri müdaifə etmək üçün "beynəlxalq kampaniyaya" başlamışdı. Britaniya hökumətindən ədalətsizlikdən əl çəkməyi tələb edirdi. Saxta deputatın saxta ədalət damarı tutmuşdu. Bu gün isə rəsmən adam tutdurmağa imza atdı bu deputat. Yəni, işini qoyub adam tutdurmaqla məşğul olur. Həm də sıradan bir adam yox, ölkənin ictimai-siyasi həyatında sayılıb-seçilən, illərdir fəaliyyət göstərən bir jurnalisti həbs etdirib. 

Bu hakimiyyət nə qədər dairəni daraltmağa, yox etməyə çalışsa da bu baş tutan deyil. Bu ölkədə xalq hakimiyyəti qurulacaq! 


No comments:

Post a Comment