Friday 13 April 2012

Türk - Vanyan, Luiza Poqosyan, erməni - Baycan, Əli Əkbər, Mirzoyev // VİDEO

Georgi Vanyan, Əli Əkbər
Seymur Baycan, Elmir Mirzoyev

İki əkiz ölkə, rejim və xalq 


Dünən Ermənistanda baş verən hadisədən yəqin ki çox adamın xəbəri var. Olmayanların da yazının gedişində xəbərləri olacaq. 

Azərbaycanda olduğu kimi, Ermənistanda da sülh tərəfdarı olan, insanların ölmələrini, it kimi bir-birlərini didməmələrini, minlərlə insanın avtoritar hakimiyyətlərin oyunlarının qurbanı olmamalarını, bu mənasız müharibələrə sərf olunan enerjinin inkişafa, tərəqqiyə sərf olunmasını istəyən, ağlı başında, intellektual, ziyalı insanlar var. Bu insanlardan biri də Cənubi Qafqazda tanınmış erməni hüquq müdafiəçisi, rejissor, yazar, “Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzi”nin rəhbəri Georgi Vanyandır. 


Son vaxtlar erməni mətbuatının, erməni "pider TV"-sinin, "paztv"-sinin, erməni  "day-az"-nın (necə varsa, elə oxuyun :D ) bir mövzusu var, o da Georgi Vanyandır. Səbəb də, bu insanın Ermənistanın Gümrü şəhərində "Azərbaycan filmləri festivalı" keçirmək istəməsidir. Bir insanın sülh naminə, əvvəl qardaş kimi yaşamış xalqların müharibə etməməsi naminə etdiyi hərəkətə görə Gümrüdə neçə-neçə aksiya olub. 

Dünən isə (12 aprel) ümumiyyətlə biabırçılıq olub. Gümrüdə Georgi Vanyanın üstünə hücum ediblər. Yumruq vurana da baxanda görürsən ki, bığlarının yeri nəm çəkən divara oxşayan debil bir gəncdir. O videoya bu linkdə baxa bilərsiz. 

Videoya baxan kimi bizim vətənşüvənlər, "akifnağılar", burnufırtıxlılar yadıma düşdü. Ermənistanda bizdəki kimi sülh tərəfdarı olanlara, regionda demokratik rejimlərin qurulmasını istəyənlərə düşmən damğası vururlar. Bu missiyanı kim üstünə götürürsə, bonus olaraq avtoritar hakimiyyət ona türkpərəst, azəripərəst, düşmən, satqın, vətənxaini kimi orta əsr təfəkkürünün məhsulu olan titullar da hədiyyə edir. 


Videolarda ümumiyyətlə, bizim ölkədə olan saxta obrazların bir taylarının da orda olduğunu görə bilərsiz. 

Qafqazın bu iki ölkəsi aşağı-yuxarı eyni taleni bölüşən dövlətlərdir. İkisində də eyni vəziyyətdir. Sosial-iqtisadi vəziyyət, ölkədəki korrupsiya, təhsildəki biabırçı durum, siyasi repressiyalar, ifadə azadlığı, ordudakı "dedovşina" və s. Hətta deyərdim ki, Ermənistan bizdən biraz irəlidədir. Çünki, pul Sarkisyan hakimiyyətində bizimkilər qədər çox olmadığına görə, rejim cəmiyyəti bu qədər təzyiq altında saxlaya bilmir. Buna  görə də nisbətən irəliləyişlər əldə olunub. Amma ümumilikdə vəziyyət eynidir.  

İkisində də eyni rolları oynayan müsbət və mənfi obrazlar var. Videolara baxanda obrazların hamısı adamın gözünün qabağına gəlir. Hakimiyyətləri də həmçinin, qardaşdılar. İki avtoritar, xalqını inkişafdan saxlayan, minlərlə insanın taleyi ilə oynayan hökumət. 

Heç təsəvvür edirsiz, Azərbaycanın hansısa bir şəhərində, yaxud paytaxtında bir QHT rəhbəri "Erməni filmləri festivalı" keçirir? Nə olar sizcə? Akif Nağı bir qaraçılıq edər, Qənirə Paşayeva türk analığı edər, Çingiz Qənizadə bir qəhrəmanlıq edər. Adamın 20 ilini geri salarlar belə vətənşüvənlər. 
Bu videonın sonunda Ermənistanın qənirəpaşayevası çıxış edir. 


Erməni Georgi Vanyan Ermənistanda "Azərbaycan filmləri festivalı" keçirəndə yaxşı olur, gün.az, dayaz, nə bilim bunu kimi vətənpərvər saytlar ermənilərin Azərbaycan filmlərinə ehtiyacı olmalarından, Qarabağı azad etməyimizə az qalmasından, Şuşaya Azərbaycan bayrağının gələn il bu vaxt sancılacağından yazırlar, amma hansısa bir azərbaycanlı bunu etsə, yaxud buna oxşar bir şey edəndə olur vətən xaini. Yəni, deməyim odur ki, riyakar, qeyri-səmimi, saxtakar, dəyər daşıyıcısı olmayan məxluqlar var iki ölkədə də. Və bu rejimləri saxta dəyərləri, hərəkətləri ilə qoruyub saxlaya bilirlər. 

Bu ekiz qardaşların siyasətləri isə ümumiyyətlə siam əkizləridir. Biri burdan müstəqil gənclərə, yazarlara, siyasətçilərə düşmən dəyirmanına su tökən, ermənipərəst, xaricdən maliyyələşən, satqın kimi əktökən, şit sözlər deyir, biri də o tərəfdən öz ölkəsində demokratik rejim, regionda sülh istəyən ictimai fəallara, jurnalistlərə, siyasətçilərə türkpərəst, düşmən dəyirmanına su tökən, xaricdən maliyyələşən, vətənxaini damğası vurur. İndi bunlar eyni zibil deyil, bəs nədir? 

Bu hallar indiyə qədər az olmayıb. Azərbaycandan Ermənistana sülh proqramları ilə gedənlər olub. Bunların sırasında Seymur Baycan, Əli Əkbər, Elmir Mirzoyev və başqa ictimai xadimlər olub. Bu insanlara buna görə ermənipərərtdən tutmuş, "anası ermənidir", "erməni xüsusi mühafizə orqanlarına işləyirlər", "xaindirlər" kimi min dənə ad qoşuldu, akifnağının qaragüruh cavan dəstəsi dəfələrlə hədələr yağdırdı, döyüləcəkləri, öldürüləcəkləri ilə bağlı şantajlar olundu. Belə hallar Ermənistanda olub və indi də davam etməkdədir. 


İndi burdan baxaq, "Azərbaycan dəyirmanın su tökən" Georgi Vanyan nə dərəcədə xaindir, düşməndir, anası türkdür? Eynilə də bizdən Ermənistana gedən insanlar nə dərəcədə düşmən, vətənxaini, ermənipərəstdirlər? Bu insanlara ona görə təzyiq olunur ki, damğa vurulur ki, bunlar hakimiyyətlərinin murdar müharibə, "ölkəmizin ən böyük problemi Qarabağ problemidir, başqa problemlərdən danışmaq olmaz, yoxsa müharibəni uduzarıq, Qarabağ əldən gedər" kimi oyunlarını zibil edirlər, sülh, demokratiya tələb edirlər. 

Bizim yaparteidlərin bir söhbətidə var. Demokratiya ilə, sülhlə bağlı kimsə hakimiyyətin xoşuna gəlməyəcək layihə keçirirsə, tədbir, aksiya təşkil edirsə, beynəlxalq ictimaiyyət müraciət edirsə, donoru (əgər olursa) da qatırlar onun gözünə, guya faktlarla bunu ermənipərəst, ölkənin düşməni çıxarırlar. 

Qərbdən maliyyə alan müstəqil QHT-lər ermənipərəstdirlər, çünki Amerikada erməni lobbisi bütün pulları ermənipərəst təşkilatlara verir. 
Georgi Vanyanın başına gələn bu hadisə ilə bağlı xəbəri oxuyanda sözün əsl mənasında kef elədim. Çünki, bizim ağzıgöyçəklərin ağzına bir qapaqdır. "Türk-azəripərəst", düşmən Georgi Vanyanın layihəsini Ermənistandakı ABŞ səfirliyi maliyyələşdirirmiş. Əminəm ki, Sarkisyan hökuməti də Ermənistanda ABŞ səfirliyini, qərb ölkələrini düşmənçilikdə, azərbaycanpərəstlikdə ittiham edir. 

İndi necə çağıraq bu qərb fondlarını, ABŞ hökumətini, ermənipərəst, yoxsa azərbaycanpərəst? :)))

2 comments:

  1. ermenilerle biz ebedi dumenik siz ozunuzu demokrat adlandiranlar ise bir az azerbaycanci olsaz pis olmaz.sulh hec kime lazi deyil. aristotelin sozu var:biz muharibeni ona gore edirikkki sulh icinde yaayaq

    ReplyDelete
  2. Heç əbədi düşmən olmur. Azərbaycanlı olmaq heyvan olmaq deyil.Sülh istəmək də azərbaycanlı olmamaq demək deyil.

    Sizə lazım olmaya bilər. Amma mənə lazımdır sülh. Müharibənin insanların həyatları üçün gətirdiyi dəhşətləri görə bilmirsiz deyəsən.

    ReplyDelete